Xəbər - Samir Əli – Trend:
Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında özünü qatar yoluna atan şəxsin kimliyi məlum olub.
AzerTimes-ın məlumatına görə, həmin şəxs Bakının Binəqədi rayon sakini, 1988-ci il təvəllüdlü Mirzəxanova Elnarə Minətulla qızıdır. Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alıb. Yaralı Təcili Tibbi Yardım Briqadasının köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu AzerTimes-a açıqlamasında bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdiriilir.
Xatırladaq ki, hadisə “Azadlıq prospekti” metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib. Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın özünü qatar yoluna atıb. Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti təmin edilib.