Bakıda özümü evimdəki kimi hiss edirəm – Batut gimnastikası üzrə Olimpiya çempionu

Bakıda özümü evimdəki kimi hiss edirəm, burada dostlarım var.

Bu barədə AzerTimes-a 2012-ci il batut gimnastikası üzrə Olimpiya çempionu, Çin gimnastı Donq Donq bildirib.

Qeyd edək ki, Donq Donqun Azərbaycanın paytaxtına növbəti səfəri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı ilə bağlıdır. Lakin bu dəfə Dong Dong yarışda idmançı kimi deyil, məşqçi kimi iştirak edir:

“Bakıda Milli Gimnastika Arenasını çox bəyənirik, Çin komandası çempionata hazırlaşmaq üçün yaradılan şəraitdən razıdır. Müsabiqədə proqramı bacardıqca yerinə yetirməyə, bizdən asılı olan hər şeyi etməyə çalışacağıq”.

Həmçinin, dünya çempionatı çərçivəsində Bakıda batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasına seçkilər keçiriləcək və orada Donq Donq özünün namizədliyini irəli sürüb:


“Mənim vəzifəm gimnastlarla təcrübəmi bölüşmək, idmançılara dəstək olmaqdır, onların yüksəlişi üçün məndən asılı olan hər şeyi etməyə çalışacağam”.

Noyabrın 18-21-də Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı keçiriləcək. Yarışda 33 ölkədən 270-ə yaxın gimnast iştirak edəcək.

Dörd gün davam edəcək çempionatda idmançılar fərdi və sinxron batutla tullanma proqramında, həmçinin tamblinq üzrə və qoşa mini batutda çıxış edəcəklər. Komanda yarışında da qaliblər müəyyənləşəcək.

Çempionatın ilkin təqviminə əsasən, ilk iki gündə təsnifat yarışı, son iki gündə isə final çıxışları baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Teqlər: