Bakıda orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda orta məktəbə bomba
qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən Pərviz
Məmmədovun işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, Mərdəkandakı avtobus dayanacağında iki gəncin
bir-biri ilə söhbəti zamanı məktəbin damına bomba qoyulması haqda
dediklərini eşidib: “Eşitdiklərimi də xəbər vermək qərarına gəldim
və yaxınlıqdakı taksofondan polisə zəng vurdum”.

Prokurorun həmin məlumatın doğruluğuna əmin olmadan niyə belə
bir addım atması haqda sualına cavab verən təqsirləndirilən şəxs
bildirib ki, əvvəllər məhkumluq həyatı yaşayıb: “Belə yaşamaqdan
bezmişdim. Əvvəl həbsdə olmuşdum, çıxandan sonra iş tapa bilmirdim.
Məşğuliyyət tapa bilmirdim. Bir baxanım, arxa duranım da yox idi.
Fikrimdən keçirdi ki, qayıdım yenə türməyə…”

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü
ilə Pərviz Məmmədov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində
baş verib. Pərviz Məmmədov DİN-in “102” Xidmətinə zəng edib deyib
ki, 181 saylı orta məktəbin damına bomba qoyulub. Hadisə yerinə
gələn polis əməkdaşları məktəbin damında bomba olmadığını görəndən
sonra zəngin haradan gəldiyini və zəng edən şəxsin kimliyini
müəyyənləşdiriblər.

Teqlər: