Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus “Qaz 3110” markalı avtomobil Dərnəgül qəsəbəsi ərazisində naməlum şəxslər tərəfindən qaçırılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin nəqliyyat vasitəsini qaçıran İsmayıllı rayon sakinləri Nurlan Əliyev və Vaqif Vəlibəyov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs əvvəlcədən planlaşdırdıqları kimi evakuator xidməti göstərən şirklətlərdən birinə zəng edərək avtomobilin nasaz olduğunu bildiriblər. Daha sonra onlar özləri ilə gətirdikləri saxta dövlət qeydiyyat nişanı və sənədləri evakuatorun sürücüsünə göstərərək nəqliyyat vasitəsini İsmayıllı rayonuna aparıblar. Nurlan Əliyev və Vaqif Vəlibəyovun məqsədi həmin avtomobili ehtiyat hissələri formasında satmaq olub. Oğurlanan avtomobil İsmayıllı rayonunda hissələrə ayrılmış formada Nurlan Əliyevə məxsus təmir sexindən aşkar olunaraq götürülüb.
Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.