Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi

Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi

Aprelin 15-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ölkəmizin paytaxtında “Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi və Bakıya dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların gəlməsi ilə əlaqədar təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən AzerTimes-a bildiriblər ki, səhər saatlarından başlanan iməcilik şəhərin bütün rayonlarını əhatə edib.

İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

məcilik zamanı həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyularaq üzərilərindəki yarpaq və tozdan təmizlənib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilməsi, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri davam etdirilib.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

Teqlər: