Bakıda mühüm konfrans keçirilir

Bakıda mühüm konfrans keçirilir

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransı keçirilir.

AzerTimes xəbər verir ki, toplantıda YAP sədrinin müavini – Mərkəz Aparatın rəhbəri Tahir Budaqov, ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-Yong, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

Tədbirdə çıxış edən T.Budaqov bildirib ki, qlobal dünyada təhdidlər artır və belə bir zamanda dialoqa, əməkdaşlığa daha çox ehtiyac var:

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərpa edilməsi, sülhə və əməkdaşlığa nail olunması üçün bir çox işlər görülüb və görülməkdədir. Azərbaycanda xalqların tolerantlıq şəraitində yaşaması xalqımızın milli sərvəti hesab olunur. Ambisiyalardan, cılız hislərdən uzaqlaşaraq və qarşılıqlı hörmətlə dünyanı saflaşdıra bilərik”

O həmçinin qeyd edib ki, 30 ilə yaxın Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb:

“Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə cəhdləri müsbət nəticələnməyib, Ermənistan yeni torpaq iddiaları ilə çıxış edib. Buna görə də 2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayaraq torpaqlarını azad edib, bununla BMT-nin 4 məlum sanksiyasını da icra edib”.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-yong konfrans iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini söyləyən Chunq Eui-Yong dünyanın COVİD-19 pandemiyası dövründə üzləşdiyi çağırışlar, təhlükəsizliyə təhdidlərdən söz açıb.

Toplantıda çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Afif Demirkıran isə deyib ki, siyasi partiyalar təhlükəsizliyi təşviq edə, bu sahədə dialoq apara bilərlər:

“Münaqişələr ümumən dünyaya təsir göstərir. Rusiya-Ukrayna müharibəsini də bu xüsusda qeyd etmək lazımdır”.

Afif Demirkıran Türkiyənin Qara dənizdə “taxıl dəhlizi”nin yaradılması istiqamətində gördüyü işlərdən danışıb:

“Türkiyə strateji bir mövqedə yerləşir və Asiyada mühüm rol oynayır. Biz regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir. Bu gün Türkiyə təhlükəsizlik, ticarət və enerji problemlərinin həll olunmasına öz dəstəyini verir”.

Konfrans hazırda davam edir.

Teqlər: