Bakıda Milli Gimnastika Arenasının zalı inanılmaz dərəcədə gözəldir – Belarus idmançıları

Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının təşkili çox gözəldir, burada inanılmaz dərəcədə gözəl yarış zalı var.

Bunu AzerTimes-a Belarus idmançıları Anastasiya Şulqina və Alisa Melnikova Milli Gimnastika Arenasında keçirilən podium məşqindən sonra deyiblər.

Belarusdan idmançılar yarışda fərdi proqramda 15-17 yaş kateqoriyasında çıxış edirlər.

Anastasiya Şulqinanın sözlərinə görə, Bakıda yarışların təşkili çox gözəldir, məşq üçün kifayət qədər vaxt var, bu da proqramı hazırlamağa imkan verir:

“Burada hər şey ən yüksək səviyyədədir, Gimnastika Arenasının zalı inanılmaz, həzz almalıdır. Təşkilatçılıqda hər şey ən incə detallara qədər düşünülüb”.

İdmançıların sözlərinə görə, yarışın Bakıda keçiriləcəyini öyrənəndə böyük xoşbəxtlik yaşayıblar:

“Çıxışların keçirilməsi barədə məlumat alandan sonra anlayırsan ki, boş yerə məşqlərə vaxtı sərf etməmisən və son dərəcədə xöşbəxt olursan”.

Yarışdakı rəqiblər haqqında danışan gimnastlar bütün iştirakçıların güclü olduqlarını deyiblər: “Hamı qələbə üçün gəldi və qoy ən güclüsü qələbə qazansın”.

Azərbaycan Gimnastika Federasiyası 21-23 may tarixlərində ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edəcək.

İlkin qeydiyyat siyahısına əsasən, yarışlarda 18 ölkədən 202 gimnastın iştirakı gözlənilir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcək.

Yarışlar Azərabycanda mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq tamaşaçısız keçiriləcək.

Teqlər: