Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb – əfsanəvi Ozbəkistan idmançısı (FOTO)

Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait
yaradılıb.

Bu barədə şənbə günü AzerTimes-a müasir dövrün əfsanəvi idmançısı,
özbəkistanlı Oksana Çusovitina bildirib.

Xatırladaq ki, bu gün Özbəkistan təmsilçisi dayaqla tullanmada
idman gimnastikası üzrə FIG Dünya Kubokunun “qızıl”ını qazanıb.

“Bakıda şərait əvvəlki mərhələlərdə olanlardan ən yaxşısıdır.
Burada hər şey elə qurulub ki, idmançılar çıxış etsinlər və başqa
heç bir şey haqqında düşünməsinlər. Ona görə də Bakıya gəlməyi çox
sevirəm. Yarış mənim üçün yaxşı keçdi, hətta düşündüyümdən də yaxşı
keçdi. Bakıda hər şey əladır – özümü demək olar ki, öz evimdəki
kimi hiss edirəm, çünki burada ab-hava və insanlar Özbəkistandakı
kimi mehribandır”, – idmançı qeyd edib.

Əfsanəvi gimnast qadın gimnastika üzrə Azərbaycan yığmasının
nümayəndələrinin hazırlıq səviyyəsi barədə də fikirlərini
bölüşüb.

“Çıxışlarını gördüyüm qızlar, çox böyüyüblər, proqramlarına
mürəkkəblik qatıblar, Azərbaycan gimnastlarında addım-addım
irəliləyiş görürəm. Onlara uğurlar arzulayıram, əsas odur ki,
zədəsi olmasın, qalan hər şey yaxşı olacaq”, – deyə o
vurğulayıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli
Gimnastika Arenasında daha bir mötəbər yarış – kişi və qadın idman
gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Yarışda dünyanın 34
ölkəsindən 145 gimnast iştirak edir.

Teqlər: