Bakıda metrosunda YENİLİK: Platformalarda təhlükəsizlik səddi quraşdırılacaq (ÖZƏL)

Bakı metropoliteni Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda
sərnişin platformasında təhlükəsizlik səddinin quraşdırılmasını
nəzərdə tutur.

Bunu AzerTimes-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri
Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni nəsil qatarlar təhlükəsizlik səddi üçün
müvafiq infrastruktura malikdir.

“Hazırda istismarda olan köhnə qatarlarda belə bir funksiya
yoxdur. Həmçinin Yaşıl və Qırmızı xətt üzrə olan stansiyalarda da
bu məsələ əvvəldən planlaşdırılmayıb. Hazırda tikintisi davam
etdirilən və 3 stansiyası istifadə olunan Bənövşəyi xəttdə
təhlükəsizlik səddinin quraşdırılması inşaat baxımından nəzərə
alınıb.

Bununla yanaşı, Qırmızı xətt üzrə olan “28 may” stansiyası köhnə
tikili olmasına baxmayaraq bu stansiyada təhlükəsizlik səddinin
quraşdırılmasını mümkünlüyü ilə bağlı araşdırma aparılıb. Məlum
olub ki, bu stansiyada təhlükəsizlik səddinin tikilməsi üçün əlavə
bünövrə bərkidilməsi aparılmalıdır. Yəni həmin stansiyada da
təhlükəsizlik səddi quraşdırmaq mümkündür”, – deyə B. Məmmədov
bildirib.

O qeyd edib ki, hazırda bu istiqamətdə araşdırma işləri davam
etdirilir: “Ehtiyac yaranarsa, gələcəkdə stansiyaların
platformalarında təhlükəsizlik səddi quraşdırıla bilər. Bunun üçün
uzun müddət vaxt və böyük vəsait lazımdır”.

Teqlər: