Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlıqlar 1-5 yanvar tarixləri arasında naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olaraq ümumilikdə hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.
Xəzər Rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb. Əməliyyat tədbirlərinin davamı olaraq Şahin Şəfaqətovun dəmir barmaqları satdığı metal qəbulu məntəqəsinin sahibi Toğrul Musayev də saxlanılıb. O, ifadəsində oğurluq dəmir barmaqlıqları aldığını etiraf edib. Toğrul Musayev barəsində Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Oğurluqda iştirak edən digər şəxsin saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.