Paytaxt Bakıda vaxtaşırı müxtəlif tikinti-söküntü işləri aparılır. Bəzən hətta yeni istifadəyə verilən obyektlər də plana düşür. Onların kommunikasiyalara və şəhərin ümumi görünüşünə zidd olduğu səbəbi ilə söküldüyü deyilir.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, növbəti plana düşəcək obyektin Cavanşir körpüsü (köhnə adı Qaqarin körpüsü – red.) olacağı ehtimal edilir.
Bu haqda indiyə kimi bir neçə dəfə yazılıb, lakin plan təxirə düşüb.
Cavanşir körpüsünün sökülmə ehtiyacı haradan qaynaqlanır?
Bildirilir ki, bu yol ötürücüsünə hazırda heç bir ehtiyac yoxdur. Son illərə kimi körpünün altından dəmir yolu xətləri keçirdi. Artıq bu kommunikasiya ləğv edilib.
Üstəlik körpünün ətrafında yeni infrastruktur yaradılıb. O infrastruktura ətrafdakı yaşayış binaları, həmçinin yeni ticarət mərkəzi aiddir. Bir arqument də budur ki, yol ötürücüsü artıq istismar müddətini başa vurub və keyfiyyəti xeyli dərəcədə aşağı düşüb.
Xatırladaq ki, ötən il körpünün yaxınlığında yerləşən yeni tikilmiş bina söküldü. Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında söküldü.