Xəbər - Çingiz Səfərli – Trend:
Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 19 904 uşaq üçün elektron sorğu yerləşdirilib.
Bu barədə AzerTimes-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2016-cı ildə anadan olmuş uşaqlar cəlb olunurlar.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.
Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Twitter:@cingizsafarli