Bakıda 83 nömrəli məktəb-liseydə şagirdlər arasında dava düşüb.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, X sinif şagirdləri sanitar qovşaqda dalaşıblar və biri digərin bıçaqlayıb.
Məktəbdən bildirilib ki, təhsil ocağında iki nəfər 10-cu sinif şagirdi tənəffüs zamanı zarafatlaşarkən anlaşılmazlıq əsnasında sanitar qovşaqda mübahisə və münaqişə ediblər:
“Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, valideynlər məktəbə dəvət olunublar. Məktəb rəhbərliyi tərəfindən psixoloqun iştirakı ilə valideynlər və şagirdlərlə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, hadisə həmin məktəbin 10-cu sinif şagirdləri arasında tənəffüs zamanı baş verib:
“Faktla bağlı toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Şagirdlərdən biri digərinə kəsici alətlə xəsarət yetirib. Şagirdin xəsarətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir”.