Bakıda bir sıra yerlərdə küçələrə adların verilməməsi və ya
ünvan lövhələrinin köhnə olması, oxuna bilməməsi əhali üçün
çətinliklər yaradır. Bəzi ərazilərdə, məsələn “Beş mərtəbə” adlanan
hissədə isə ara küçələrdə əvvəllər ünvan lövhələri olsa da indi
onlara rast gəlinmir.
Ekspert Elməddin Muradlı məsələ ilə bağlı AzerTimes-a bildirib ki,
ünvan lövhələrinin yox olmasına bəzi hallarda həmin ərazilərdə
aparılan tikintilər səbəb olur:
“Yol kənarlarında çoxlu obyektlər, binalar tikilir. Tikinti
zamanı əsasən şüşə örtüklərdən istifadə edən sahibkarlar ünvan
lövhələrinin ümumi görüntünü korladığını fikirləşir və beləliklə
lövhələr aradan qaldırılır. Lakin bu hər hansı şəxsin istəyinə
bağlı olan məsələ deyil. Rayon icra hakimiyyətləri bilir ki,
haralara küçə adları vurulub. Bu istiqamətdə nəzarət zəif gedir.
Mən çox istərdim ki, bu nəzarət yoxlamalara Bakı Nəqliyyat
Agentliyi, Dövlət Yol Polisi qoşulsun və harada çatışmazlıqlar
varsa, aidiyyəti üzrə yönləndirilsin. Belə olan halda problemi həll
etmək mümkündür” – deyə ekspert əlavə edib.
E.Muradlı bildirib ki, hansısa ünvanı öyrənmək istəyən şəxs ya
ərazidəki polis əməkdaşlarına, ya da yaxınlıqdakı mağazaya
yaxınlaşmalı olur: “Bu yanlış durumdur. Bununla bağlı məsuliyyət
müəyyənləşdirmək lazımdır ki, küçə adlarına zərər verən və ya
götürən şəxslər cavabdehlik daşısınlar.” .