Xəbər - Samir Əli – Trend:
Bu il yanvarın 4-də itkin düşməsi ilə bağlı məlumat yayılan azyaşlı sığınacaqdan ailəsinə təhvil verilib.
Bu barədə AzerTimes-a Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, itkin düşən azyaşlı yanvarın 6-da polis əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində tapılaraq Sabunçu rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ramana qəsəbəsində yerləşən “Nur” uşaq sığınacağına yerləşdirilmişdi:
“Araşdırmalar zamanı ailədə 12 yaşlı qızın valideynləri ilə münasibətlərində problemlərin olması müəyyən edilmiş və bu səbəbdən də uşaq və ailəsi Komitənin tövsiyəsi əsasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan psixoloji reabilitasiyaya cəlb olunub. Bu gün Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin nümayəndələri ailə ilə yenidən görüş keçirmiş və nəticədə azyaşlı qız doğmaları ilə bir yerdə yaşaması üçün hər hansı bir problemin mövcud olmadığı nəzərə alınaraq o, ailəsinə təhvil verilib. Məsələ müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır”.