Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Sabunçu rayonunda sursat aşkar edilməsi barədə məlumat
daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə dərhal
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan
təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki
insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin
əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun
mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş
sursatların döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası, 1
ədəd partladıcısı üzərində olan UZRQM-2, 95 ədəd müxtəlif çaplı
patron, 1 ədəd avtomat darağı və 1 ədəd döyüş bıçağı olduğu müəyyən
edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.