Məsələnin kökündə körpünün asfalt örtüyünün keyfiyyəti yox, deformasiya kəsiyində yaranan problem dayanır. Ölkəmizdə bu “temperatur kəsiyi”, yaxud “temperatur şovu” adlanır, lakin beynəlxalq termin kimi “deformasiya kəsiyi”nin işlədilməsi daha doğrudur.
Bu sözləri AzerTimes-a Əbdülvahab Salamzadə küçəsi ilə Tiflis prospektinin kəsişməsində yol ötürücüsündə meydana gələn çökmənin səbəbləri haqqında danışan nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Ekspert problemin həllinin deformasiya kəsiyinin konstruksiyasının dəyişdirilməsi olduğunu qeyd edib:
“Dünyanın heç bir yerində körpülər bütöv betondan tökülmür. Çünki fizika qanunlarına görə, qışda havalar soyuyanda daş və dəmir kiçilir, həcm azalır. Həcmin azalması isə betonun qırılmasına, çatlamalara səbəb olur. Üstəlik maşınlar davamlı şəkildə hərəkət etdiyindən titrəmələr meydana gəlir. Ona görə də körpülər hissələrdən inşa edilir və aşırımlardan ibarətdir. Bəhs olunan körpüyə diqqətlə baxsaq, biz aşırımları aydın şəkildə görə bilərik. Hər aşırımın da başında beton konstruksiyalar qaydaya uyğun olaraq genişlənmə və kiçilmə prosesinə görə bir-birinə bağlanır. Buna da deformasiya kəsiyi deyilir. Temperatur fərqindən asılı olaraq aşırımlar arasındakı yarıqlar 10 sm yerini dəyişə bilər. Bu da kiçik rəqəm deyil. Ölkəmizdə körpü tikintisi ilə məşğul olanların buraxdığı səhv isə həmin deformasiya kəsiklərinin ildə iki dəfə asfaltla doldurulmasıdır. Son hadisədə baş verən çökmənin də əsas səbəbi qış mövsümi əlaqədar həcmin kiçilməsi prosesidir. Kiçilmə aşırımların bir-birindən aralanmasına və qopmaya səbəb oldu, deformasiya kəsiyinə tökülən beton isə çökdü. Ən optimal həll yolu isə darağabənzər və yaxud timsah dişinə bənzəyən deformasiya kəsiyidir. Bu üsuldan Ziya Bünyadov prospektində yeni körpülərdə istifadə edilib. Yəni aşırımlar arasındakı deformasiya kəsiyinin hər iki tərəfində dəmirdən hazırlanan dişlər olur. Onlar uzanma zamanı bir-birinə keçir, kiçilmə zamanı isə aralanır, lakin avtomobillərdə biz bunu az hiss edirik. Əbdülvahab Salamzadə küçəsindəki körpüdə yol verilən ən kobud səhv budur. Həll yolu isə deformasiya kəsiyinin konstruksiyasının dəyişdirilməsidir”.