Bakıda keçirilən turnirlər mənim ən sevdiyim yarışlardandır – italyan gimnast

Bakıda keçirilən turnirlər mənim ən sevdiyim yarışlardandır.

Bunu Trend
Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunda fərdi
çoxnövçülükdə bürünc medal qazanan italiyalı gimnast Milena
Baldassarri deyib.

“Azərbaycana yaxşı əhval-ruhiyyə ilə gəlmişəm. Yanvar ayından
proqram üzərində işləyirəm, nəticəni yaxşılaşdırıram. Bakıda özümü
yaxşı hiss edirəm, emosiyalarım, əhvalım ən yüksək səviyyədədir.
Artıq dəfələrlə Bakıda keçirilən yarışlarda iştirak etmişəm və deyə
bilərəm ki, buradakı turnirlər mənim ən sevdiyim yarışlardandır”, –
İtaliyalı gimnast bildirib.

Onun sözlərinə görə, iki yarış günü ərzində çıxışlarından razı
qalıb.

“Əlbəttə ki, hər zaman daha yüksək zirvələrə can atmalısan. Amma
əvvəlki Kubokla müqayisə etsək də, Bakıdakı çıxışdan razıyam. Bu
dəfə iş nəzərə çarpır, çıxışlarım isə daha yaxşı alınır. İndi yeni
qaydalar qüvvəyə minib, burada srtistizmə böyük diqqət yetirilir.
Siz emosiyaları göstərməlisiniz və mən bunu bəyənirəm. Düşünürəm
ki, bu yenilik müsabiqəni baxımlı edir”, – idmançı əlavə edib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.

Teqlər: