Bakıda keçirilən IBF Forumu əməkdaşlıq üçün yeni zəmin hazırlayır – Nurəddin Nebati

Xəbər - Humay Ağacanova – Trend:

25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) Azərbaycanın iqtisadi inkişafında çox önəmli rol oynayacaq. Bu, yeni əməkdaşlıqlara yeni zəmin hazırlayır.

AzerTimes-ın məlumatına görə bunu, Türkiyə xəzinə və maliyyə nazirinin müavini Nurəddin Nebati Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda çıxışı zamanı deyib.

“Azərbaycanın ildə 3 milyon turistə ev sahibliyi etməsi, eyni zamanda 10 milyon turistə ev sahibliyi etmək potensialının olması, Qarabağ zonasının iqtisadi resursları, viza prosedurlarının asanlaşdırılması investorlar üçün çox imkan təqdim edir. Turizm Azərbaycanın iqtisadi potensialında ən öndə olan sahədir. Azərbaycanda inşaat sahəsində də bir çox imkanlar mövcuddur”, -deyə nazir müavini bildirib.

Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb.

Tədbirdə bir sıra ölkələrdən iş adamları və dövlət xadimləri iştirak edir.

Tədbirdə iştirak etmək üçün Türkiyədən 550 iş adamı gəlib. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunur.

IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.azturkic.world media layihəsidir.