Bakıda keçirilən Dünya Kubokunun miqyası və gözəl təşkilatçılığı heyran etdi – Zəhra Bədəlbəyli

Bədii gimnastika üzrə Dünya Kubokunun miqyası və bu idman
tədbirinin gözəl təşkili məni heyran etdi.

Bunu AzerTimes-a yarışları tamaşaçı qismində ziyarət edən şairə,
pianoçu, ictimai xadim Zəhra Bədəlbəyli deyib.

“Milli Gimnastika Arenasını ilk dəfə deyil ki, ziyarət edirəm,
burada təşkil olunan beynəlxalq turnirdə isə birinci dəfədir
iştirak edirəm. Təbii ki, yarışların miqyası və gözəl təşkili məni
heyran etdi. Azərbaycan komandasının Dünya Kubokunda çıxışı çox
xoşuma gəldi, gimnastlarımızın qələbəsinə sevindim. Onlar tapşırığı
o qədər həvəslə yerinə yetirdilər ki, enerji inanılmazdır – bu
sehrli mənzərədir. Əsas odur ki, qızlar bütün emosiyaları bizə –
tamaşaçılara çatdıra bildilər. Qələbələrinin, fəxri kürsünün ən
yüksək pilləsinə necə qalxdıqlarının, qızıl medallara layiq
görüldüklərinin şahidi olduğum üçün çox xoşbəxtəm”, – deyə
Z.Bədəlbəyli bildirib.

O, istisnasız olaraq bütün gimnastları dəstəkləyən tamaşaçıların
reaksiyasından da məmnun qaldığını vurğulayıb.

“İdman tədbirlərinə getmək əla vaxt keçirtmək üsuludur.
Turnirlərə mütləq bütün ailə, dostlar ilə gəlmək lazımdır. Hesab
edirəm ki, uşaqları, xüsusən də idmana həvəsi olanları yarışlara
gətirmək son dərəcə vacibdir. Uşaq öz kumirlərini, məşhur
idmançıları, necə mükafat aldığını öz gözləri ilə görəndə böyük
motivasiya alır”, – deyə Z.Bədəlbəyli bildirib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il
ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi
və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast
iştirak edib.

Teqlər: