Aprelin 23-də Bakıda Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci günü başa
çatıb.
Trend xəbər verir ki, bu gün fərdi və qrup hərəkətlərində
çoxnövçülük üzrə qalib və mükafatçıların adları açıqlanıb. Bundan
əlavə, gürz və lentlə hərəkətdə fərdi proqramda, həmçinin üç lent
və iki topla qrup hərəkətləri üzrə komandalar arasında finalçılar
müəyyənləşib.
Dünya kubokunun iştirakçıları öz artistlik və plastikalarını
nümayiş etdirərək, mürəkkəb elementləri mükəmməl musiqi müşayiəti
ilə yerinə yetiriblər.
Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.
3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.
Trend oxucular üçün Dünya Kuboku yarışlarının ikinci gününün ən
gözəl anlarının fotolarını hazırlayıb.
(FOTO – Zaur Mustafayev)