Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam – Danimarkalı idmançı

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında iştirak üçün uzun və gərgin hazırlıq keçmişəm.

Bunu AzerTimes-a Danimarkalı idmançı Smilla Yensen bildirib.

“Seçmə mərhələsindəki çıxışımdan razı qaldım, proqramı planlaşdırdığım kimi başa vurdum. Mən bütün diqqətimi performansıma yönəltmişəm və şadam ki, hər şey mənim üçün uğurlu oldu. Yarışa yaxşı hazırlaşırdım, çünki ölkəmi Bakıda keçiriləcək çempionatda təmsil etməyi çox istəyirdim”, – deyə Yensen vurğulayıb.

Onun sözlərinə görə, böyük beynəlxalq yarışlarda iştirak onun üçün böyük əhəmiyyət kəsb edir, çünki məhz burada o, gücünü sınaya, güclü rəqiblərlə yarışa bilər.

“Ailəmdən, xüsusən də valideynlərimdən çox dəstək alıram. Və əlbəttə ki, komandadan və məşqçidən – onların dəstəyi mənə güc və inam verir”, – Yensen bildirib.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: