Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən Beynəlxalq Biznes Forumunun (Uluslararası İş Forumu İBF) hazırlıq işləri davam etdirilir.
Bu barədə AzerTimes-a MÜSİAD Azərbaycan ofisinin rəhbəri Abdurrahman Uzun bildirib.
O qeyd edib ki, forumun Bakıda keçirilməsi çox önəmlidir və bu, Azərbaycana investisiya cəlb olunması üçün labüddür.
“Beynəlxalq Biznes Forumunun Azərbaycanda keçirilməsi ölkəyə investor cəlb olunması ilə yanaşı, Azərbaycanda Vətən müharibəsindən sonra da münbit şərait olduğunu göstərəcək” – deyə, Uzun bildirib.
Qeyd edək ki, MÜSİAD tərəfindən Beynəlxalq Biznes Forumu (Uluslararası İş Forumu İBF) bu il 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək. Forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. 1995-ci ildə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təsis edilmiş və ildə bir dəfə keçirilən İBF Forumu çərçivəsində bir sıra panel iclaslar, ölkə təqdimatları, ikitərəfli görüşlər və s. tədbirlər təşkil olunur.
Beynəlxalq Biznes Forumu çərçivəsində MÜSİAD-ın təmsil olunduğu ölkələrdən ümumilikdə beş yüzdən çox investorun Azərbaycana gəlməsi nəzərdə tutulur.
Xatırladaq ki, İBF 1995-ci ildə MÜSİAD tərəfindən təsis olunub və foruma 25 ölkədə 42 assosiasiya üzv olub. Bundan əvvəl MÜSİAD Bakı ofisinin rəhbəri Abdurrahman Uzun Azərbaycana xarici investisiyaların cəlb olunmasının qurumun əsas prioritetlərindən biri olduğunu bildirmişdi.