Bakıda keçirəcəyimiz 25-ci Beynəlxalq Biznes Forumundan gözləntilərimiz böyükdür – İBF Prezidenti

Xəbər - Çingiz Səfərli – Trend:

Sabah Bakıda keçirəcəyimiz 25-ci Beynəlxalq Biznes Forumundan gözləntilərimiz böyükdür.

Bunu AzerTimes-a açıqlamasında Beynəlxalq Biznes Forumunun (İBF) prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) qurucu rəhbəri Erol Yarar deyib. O bildirib ki, ölkələrimizin iqtisadi inkişafı üçün iş adamlarımızın əməkdaşlığı olduqca vacibdir:

“Bildiyiniz kimi Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşündə türk respublikaları bir saziş imzaladılar. Bu saziş imzalanarkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək, bunun sosial və siyasi əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini bildirdi, lakin qeyd etdi ki, bizim əsas əməkdaşlığımız ticari-iqtisadi əlaqələrimizin inkişafından keçir. Dolayısı ilə bunun üçün xüsusi təşəbbüs göstərməliyik. Biz də görüşdən 3 gün sonra 550 türk iş adamı ilə birgə azərbaycanlı iş adamları ilə tanış olmaq üçün bura gəlmişik. İqtisadi inkişaf iş adamlarının əməkdaşlığı sayəsində mümkündür. Dövlət yol açar, işi iş adamları aparar”, – deyə o qeyd edib.

E.Yarar Azərbaycanın iqtisadi potensialının böyük olduğunu və ölkənin dört bir tərəfində satış imkanlarının artırılmasının vacibliyini vurğulayıb.

“Azərbaycan bizim qardaş ölkəmizdir. Bunun üçün iqtisadi əlaqələrimizi inkişaf etdirərkən, bir-birimizin inkişafına da qarşılıqlı töhfə verməliyik. Türkiyənin böyük təcrübələri var. Bunu Azərbaycana da qazandırmaq istəyirik. Eyni zamanda Azərbaycanın da təcrübələrindən bəhrələnmək niyyətindəyik. Dolayısı ilə əməkdaşlıq çərçivəsində iki ölkənin də inkişafını hədəfləyirik. Azərbaycan çox strateji bir ölkədir. Onun üçün “Asiyanın incisi Azərbaycan” şüarı ilə gəlirik. Hər qitənin bir inci varsa, biz düşünürük ki, Azərbaycan da Asiyanın incisidir. Lakin inci olmaq üçün dört cəbhədə iqtisadi layihələrimiz olmalıdır. Avropa bazarlarına, Rusiya bazarına, şərqdə türk dövlətlərinə, Çinə, cənubda Yaxın Şərq ölkələrinə nə sata biləcəyimizi müzakirə edəcəyik. Dolayısı ilə dörd tərəfli ticari-inteqrasiya və ortaq investisiya üçün Azərbaycana gəlmişik. Turizm, kənd təsərrüfatı, səhiyyə kimi əsas məsələlərimiz var, bir də yüksək texnologiyaların inkişafını müzakirə edəcəyik. Bu ilk addımdır. Əlbəttə ki, son addım deyil. Sabah inşallah çox bərəkətli bir toplantı keçirməyi hədəfləyirik”, – deyə İBF Prezidenti bildirib.

Qeyd edək ki, İBF-in rəsmi media tərəfdaşı TREND BIA, DAY.AZ və TURKİC.WORLD media layihəsidir.

Teqlər: