Xəbər - Samir Əli – Trend:
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinir.
Daxili İşlər Nazirliyindən (DİN) AzerTimes-a verilən məlumata görə, karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, eyni zamanda qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Pure Boutique Hotel” otelində karantin rejimi qaydalarının pozularaq qəlyan məmulatlarından istifadə edilməklə müştərilərə xidmət göstərilməsi müəyyən olunub.
Otelin icarədarı Y.Tapdıqzadə və 3 işçi saxlanılaraq müvafiq tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.