Bakıda İtaliyanın milli bayramı qeyd edildi – Foto

Bakıda İtaliyanın milli bayramı qeyd edildi – Foto

İtaliya Respublikasının qurulmasının 77-ci ildönümü münasibətilə iyunun 8-də Bakıda qəbul keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri çıxış edərək ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini və xüsusi səviyyəyə çatdığını bildirib.

O, Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasına dair iki ölkə arasında sazişin imzalanmasının humanitar sahədə əlaqələrin daha da inkişafına zəmin yaratdığını vurğulayıb.

Azərbaycan Hökuməti adından çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkələrimiz arasında münasibətlərin dərin tarixi köklərə və möhkəm bünövrəyə malik olduğunu diqqətə çatdırıb. O deyib: “1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ölkəmizdə İtaliyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya onun müstəqilliyi tanıyan ilk dövlətlərdən biri olub, Cənubi Qafqaz regionunda ilk diplomatik nümayəndəliyini məhz Bakıda açıb. Hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyədə münasibətləri olan ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsidir. İtaliya Prezidentinin 2018-ci ilin iyulunda Azərbaycana rəsmi, Azərbaycan Prezidentinin 2022-ci ilin sentyabrında İtaliyaya işgüzar səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoymasını səciyyələndirdi”.

Nazir, həmçinin vurğulayıb ki, azad olunmuş ərazilərin bərpasına dəvət olunanlar arasında dost ölkə İtaliyanın şirkətləri də ön sıralardadır.

Muxtar Babayev bildirib ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq dinamik inkişaf edən istiqamət olaraq insanlararası ünsiyyətin dərinləşməsinə mühüm töhfə verir. Ölkəmizlə İtaliya arasında ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri sahəsində də əməkdaşlıq mövcuddur.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Teqlər: