Son günlər Bakı şəhərində, Elmlər Akademiyası yaxınlığında
ilanların müşahidə olunması barədə ictimaiyyətə məlumat verilib,
hətta videogörüntülər yayılıb.
Azərbaycan Milli Elmlər Akademiyasından
Trend-ə verilən məlumata görə, həmin faktla bağlı bir sıra TV
kanalları vasitəsilə ictimaiyyətə izahat verilib. Həmin videoda
görüntüsü verilən ilan Levantin gürzəsi olub və AMEA-nın
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ərazisində tikinti
materialları yığılmış sahədə müşahidə edilib. Bu ilanın həmin
ərazidə və ya ona bitişik olan digər ərazidə yaşaması və indi
görünməsi mümkünsüzdür.
Bu fikirlər AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları
laboratoriyasının əməkdaşları – dosent Təvəkkül İsgəndərov və
Gülbəniz Qasımovanın Akademiya şəhərciyinin ərazisində ilan
təhlükəsizliyi ilə bağlı apardıqları herpetoloji monitorinqlə bağlı
hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, ümumiyyətlə,
ilanın şəhər landşaftında, heç bir şəraiti olmayan bir mühitdə
yaşayaraq qalması mümkün deyil. Bakı şəhərində ilanlara yalnız
AMEA-nın Mərkəzi Nəbatat Bağında və şəhərkənarı boş ərazilərə
bitişik sahələrdə rast gəlinə bilər. Şəhərin mərkəz hissələrinə
ilanlar müxtəlif yollarla təsadüfən, məsələn, karxanalardan daşınan
daş və ya qumla, ilan olan yerlərdəki açıq anbarlardan daşınan
tikinti materialları ilə birgə gətirilə bilər.
Monitorinqlər zamanı Akademiya şəhərciyinin ərazisində heç bir
ilan və ya onların yaşamasını sübut edəcək heç bir şərait (sakit,
gözdən uzaq basırıq yerlər, ilan “qabığı”, ilan yemi olan
siçankimilər, kərtənkələlər, quş yuvaları, yeraltı yuvalar və s.)
aşkar edilməyib. Əksinə, ərazidə ilanların yaşamasını mümkünsüz
edən şərtlər var: hər tərəf işlənilir, becərilir, suvarılır,
intensiv insan iştirakı və fəaliyyəti var. Bu cür şəraitdə
ilanların yaşaması mümkünsüzdür.
Monitorinq zamanı ərazidə çalışan işçilər, onların rəhbərləri
ilə ilanlar və ilan təhlükəsizliyi barədə maarifləndirici və
təlimatlandırıcı söhbətlər aparılıb, onlara təlimat kitabçaları
paylanıb. Həmçinin ərazidə ilan təhlükəsizliyinin təmin edilməsi
üçün müvafiq tövsiyələr verilib.