Bakıda iki nazirlik konfrans keçirdi

Bakıda iki nazirlik konfrans keçirdi

bu gün “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Texniki Universitetində “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş konfrans keçirilib.

AzerTimes xəbər verir ki, “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda keçirilən konfrans Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə baş tutub.

Konfransda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyinin aparatının və struktur bölmələrinin əməkdaşları, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun Azərbaycan Nümayəndəliyinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin, “BP-Azərbaycan” Şirkətinin, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları, komitələr, agentliklər və digər müəssisə və təşkilatların məsul vəzifəli şəxsləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Toplantını giriş sözü ilə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov açıb. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamının əhəmiyyətinə toxunub, Dahi Şəxsiyyətin müasir müstəqil Azərbaycan döövlətinin tarixində əvəzsiz rolundan danışıb. Baş idarənin rəisi vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə xüsusi diqqət və qayğı göstərib, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və dinamik inkişafının təmin edilməsi qayğısına qalıb. Baş idarə rəisi “1 mart Ümumdünya Mülki Müdafiə Günü”nün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində bütün müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malik olduğunu bildirib.

N.Zamanov vurğulayıb ki, mülki müdafiə sahəsində qarşıda duran digər mühüm məsələlərdən biri də ölkəmizdə mövcud qanunvericilik bazasına yenidən baxılması, mövcud normativ hüquqi sənədlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır.

Eyni zamanda, Baş idarə rəisi öz çıxışında müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsinin baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üçün əlverişli üsul hesab olunmasının, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyaları və rabitə vasitələrinin rolunun vacibliyini bildirib. O, Bununla əlaqədar FHN-də müasir texnologiyaların tətbiqi barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib. O, ölkə ərazisinin seysmik zonaları, o cümlədən seysmik risk barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov öz çıxışında ölkə ərazisində təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması, meşə yanğınların qarşısının alınması məqsədilə yerlərdə maarifləndirmə işlərinin aparılması və müşahidə kameraların quraşdırılması, həmçinin işğaldan azad edilmiş ərazilərdə ekoloji, radioloji və hidroloji monitoringlərin aparılması barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Anar Mirzəyev çıxış edərək, risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu və növləri barədə tədbir iştirakçılarına ərtaflı məlumat verib.

Sonda “1 mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə, eləcə də təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyi adından fəxri fərmanla təltif olunub.

Teqlər: