Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)

İctimai təşkilatlardan birinin paytaxtın Xətai rayonunda yerləşən filialından oğurluq edilib. Bu barədə polisə məlumat verən zərərçəkən şəxs ofisdən 1300 manat dəyərində 1 ədəd televizor, 2 ədəd telefon, noutbuk, eləcə də, digər əşyalar oğurlandığı barədə polisə məlumat verib.

Trend xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarınını “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Aydın Məlikov və Rüstəm Bayramlı saxlanılıblar. Oğurlanan əşyalardan bir qismi polislər tərəfindən onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Aydın Məlikov və Rüstəm Bayramlının paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat verə bilərlər.

Faktla saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.


Teqlər: