Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Bağlar Sukanal İdarəsinin xidməti ərazisində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.
AzerTimes xəbər verir ki, bu barədə Azərsu ASC-yə istinadən xəbər verir.
Məhəmmədi kəndində kafe və avtoyuma məntəqəsində suyun talanması aşkarlanıb. 2022-ci ilin yayında sudan qeyri-qanuni istifadəyə görə su təchizatı dayandırılan obyektin sahibi yenidən özbaşına şəbəkəyə qoşulub.
Nəzarət tədbirləri zamanı Məhəmmədi kəndi, Əziz Əliyev küçəsində yerləşən fərdi sahibkara məxsus ət mağazasının su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektin suya olan tələbatı sahibi tərəfindən yaxınlıqda yerləşən binadan qanunsuz çəkilmiş xətt hesabına təmin olunub.
Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən və hazırda tikintisi davam edən obyektə yaxınlıqdan keçən su kəmərindən qanunsuz xətt çəkilib. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan sudan qanunsuz istifadə edir.
Aşkarlanmış qeyri-qanuni xətlər ləğv edilib və içməli sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
Su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyanın tapşırıqlarına əsasən içməli sudan qanunsuz istifadə hallarının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib və belə hallara yol verənlərə qarşı daha sərt tədbirlər görüləcək, aşkarlanmış faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Bu ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 1788, Bağlar Sukanal İdarəsi üzrə 145 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı “Azərsu” üzrə 542 min kubmetr, Bağlar Sukanal İdarəsi üzrə 39 min kubmetr həcmində sərfiyyat bərpa olunub.