Bakıda Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş “GYNOAZ 2023 Qadın reproduktiv orqanlarının şişləri” I Beynəlxalq Ginekoloji Konqres keçirilir.
Milli Onkologiya Mərkəzinin ev sahibliyi etdiyi konqresdə Azərbaycan həkimləri ilə yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Qazaxıstan və Rusiyadan mütəxəssislər iştirak edirlər.
AzerTimes xəbər verir ki, konqresdə çıxış edən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli tədbir iştirakçılarını mərkəzin Baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayaraq, konqresin işinə uğurlar arzulayıb.
Akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin, xüsusilə oftalmologiyanın inkişafında xüsusi xidmətlərindən bəhs edən baş həkim deyib: “Zərifə Əliyeva vaxtilə respublikada geniş yayılan traxoma xəstəliyinin müayinə-müalicəsi, diaqnostikası, həmçinin kimya və elektron sənayesində işləyənlər arasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin aşkarlanması, onların müayinə-müalicəsi və profilaktikasına dair sanballı tədqiqatların müəllifidir. Bundan əlavə, Zərifə Əliyeva, həmçinin terapevtik oftalmologiyanın inkişafı sahəsinə böyük işlər görüb. Görkəmli oftalmoloq-alim 12 monoqrafiyanın, 150-dən çox elmi əsərin və bir elmi ixtiranın müəllifidir.
Akademik Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, əsl Azərbaycan qadını idi. O, yüksək insani keyfiyyətləri, uzaqgörənliyi, səbri, təmkini ilə onu tanıyanların sevgisini qazanmışdı.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb”.
Konqres bədii hissə və təqdimatlarla davam edib.
Qeyd edək ki, tədbirdə Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutunun baş direktoru akademik Dilarə Kaidarova, Almaniya Charité – Berlin Tibb Universitetinin Ginekologiya şöbəsinin rəhbəri professor Jalid Sehouli, həmin universitetin psixosomatik tibb və psixoterapiya üzrə mütəxəssisi doktor Adak Pirmorady-Sehouli, Hacettepe Universitetinin professoru Murat Gültekin, ABŞ Memorial Sloan Kettering Xərçəng Mərkəzinin Ginekologiya şöbəsinin rəhbəri professor Nadeem R.Abu-Rustum, Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutu Onkoginekologiya Mərkəzinin rəhbəri doktor Yerlan Kukubasov, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetindən doktor Olqa Şpilyova və doktor Aida Qilyadova qadın reproduktiv orqanlarının xəstəliklərini əhatə edən mövzularla çıxış edəcəklər.
Azərbaycandan məruzə və müzakirələrə Milli Onkologiya Mərkəzi Onkoginekologiya şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru professor Cəmilə Qurbanova, Azərbaycan Tibb Universitetinin professoru İslam Mahalov, Milli Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostika və müalicəsi şöbəsinin həkimi Turan Nadirova, Azərbaycan Tibb Universitetinin professoru Səadət Sultanova, Mərkəzi Klinikanın Qadın Mərkəzinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mahirə İsmayilova, Mərkəzi Gömrük Hospitalınin Mama-ginekologiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Təranə Bayramova, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Turab Canbaxışov və başqaları qoşulacaqlar.
Xatırladaq ki, fevralın 17-də tədbirin praktik tərəfi reallaşıb, iştirakçılara əməliyyat otağından canlı əməliyyatlar nümayiş etdirilib. Konqresin ilk iş günü tanınmış mütəxəssislərin iştirakı ilə, həmçinin iki ustad dərsi (master-klas) də keçirilib.
Konqresin işinə bu gün yekun vurulacaq.