Hindistanın Bakıdakı Səfirliyi 25 yanvar 2022-ci il tarixində “JW Marriott Absheron Baku” mehmanxanasında Hindistanın 73-cü Respublika Günü və Hindistanın Müstəqilliyinin 75 illiyi çərçivəsində Milli Turizm Gününü qeyd edib.
Hindistanın Azərbaycandakı Səfirliyindən AzerTimes-a verilən məlumata görə, tədbir hibrid rejimdə turizm və qonaqpərvərlik sahəsinin 60-dan çox görkəmli nümayəndəsi, tibb işçiləri və media nümayəndələrinin iştirakı ilə keçirilib.
Hindistanın Səfiri cənab Bavitlunq Vanlalvavna açılış nitqində Milli Turizm Gününün əhəmiyyətindən danışıb və turizm sektorunun Hindistanın iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. O, qeyd edib ki, quru əraziləri və su hövzələrini əhatə edən turizm məkanlarının geniş müxtəlifliyi, zəngin milli irsi və tarixi, coğrafi və mədəni müxtəlifliyi Hindistanı dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevirir və bu atributlar dünyanın hər yerindən turistləri ölkəyə cəlb edib, eləcə də onlara yaddaqalan hislər yaşadıb.
Tədbirdə, həmçinin Hindistan Tur Operatorları Assosiasiyasının prezidenti cənab Raciv Mehra çıxış edib. O, Hindistanın turizm sənayesinin gücü, eləcə də ölkənin mədəniyyəti, irsi və turizm sektoru haqqında danışıb.
Kerala ştatında yerləşən “Sitaram Ayurveda” Mərkəzindən Dr Viqneş Devrac Hindistanda səhiyyə turizmi haqqında danışıb və Ayurvedanın əsaslı müalicənin aparılmasında əhəmiyyətli rol oynadığını bildirib.
Çennai şəhərində yerləşən “Apollo Hospitals”ın xarici pasiyentlərə xidmət bölməsinin vitse-prezidenti cənab Cithu Cose tibbi turizm haqqında təqdimatla çıxış edib və Hindistanın səhiyyə sektorunun güclü tərəflərini və ölkənin tibbi turizm məkanı kimi üstünlüklərini vurğulayıb.
Hindistan hər il yanvarın 25-də Milli Turizm Gününü qeyd edir. Bu bayram Hindistan hökuməti və xalqı tərəfindən turizmi təşviq etmək və ölkənin böyüməsində turizmin vacib rolunu izah etmək məqsədilə qeyd olunur. Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə, Hindistan 2019-cu ildə səyahət və turizmin ÜDM-ə ümumi töhfəsinə görə 185 ölkə arasında 10-cu yerdə qərarlaşıb. 2019-cu ildə səyahət və turizmin ÜDM-ə töhfəsi ümumi iqtisadiyyatın 6,8%-ni təşkil edərək 194,30 milyard ABŞ dolları səviyyəsində qərarlaşıb.