Hindistanın Müstəqilliyinin 75-ci ildönümü ilə bağlı keçirilən bayram tədbirləri çərçivəsində Hindistanın Bakıdakı Səfirliyi tərəfindən 2 noyabr 2021-ci il tarixində “Ayurveda Günü”nün qeyd edilməsi üçün tədbir təşkil olunub. Tədbirdə yüksək səviyyəli tibb işçiləri, həkimlər, böyük turoperatorların nümayəndələri, Azərbaycan Turizm Bürosunun rəsmiləri və tanınmış media nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Hindistanın səfiri Vanlalvavna Bavitlunq müasir dövrdə Ayurvedanın artan aktuallığını vurğulayıb. O, həmçinin Hindistanda ənənəvi tibb sistemlərindən istifadə edən sağlamlıq mərkəzlərinin təklif etdiyi imkanlardan danışıb.
Səfir “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd edilməsi ilə bağlı olaraq Azərbaycanda “Ayurveda Günü” tədbirinin keçirilməsinin əlamətdar olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən “Avromed” şirkətinin baş direktoru Kamran Ağasi Ayurvedanın əhəmiyyəti və vacibliyi, eləcə də onun Azərbaycanda potensialı haqqında danışıb. O, həmçinin şəxsi təcrübələrinə əsaslanaraq Hindistandakı sağlamlıq mərkəzlərinin təklif etdiyi imkanları vurğulayıb.
Daha sonra qonaqlara Ayurveda haqqında Azərbaycan dilində subtitrli qısametrajlı sənədli film nümayiş etdirilib.
Hindistanın 5000 il yaşı olan Ayurveda müalicə sistemi xüsusilə pandemiya dövründə bütün dünyada aktuallıq qazanmaqdadır. Ayurveda sanskrit sözüdür və “Həyat Elmi” kimi tərcümə olunur. Ayurveda sağlam yaşamağın praktiki yollarını və təbii müalicə üsullarını elm ilə birləşdirərək onu daha effektiv və populyar edir. Qədim dövrlərdən bəri bu elmi bilik bir çox cəmiyyətlərə təsir göstərib və dünyanın digər yerlərində təbii müalicə sistemləri öz mənşəyini Ayurvedadan götürür.