Bakıda Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisi açılıb (FOTO)

Bakıda BEST OF INDIA – Hindistan məhsullarının ən böyük
eksklüziv ticarət sərgisi açılıb.

Bakı İdman Sarayında BEST OF INDIA – Hindistan məhsullarının ən
böyük eksklüziv ticarət sərgisinin 8-ci buraxılışının Hindistanın
Azərbaycandakı səfiri cənab B.Vanlalvavna, Azərbaycan Respublikası
Ekologiya Nazirinin müavini cənab Firdovsi Əliyev və Yun və Yun
Məhsullarının İxracının Təşviqi Şurasının sədri cənab Sanjeev Dhir
tərəfindən birgə rəsmi açılışı olub. Açılış mərasimində
Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun,
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli
Konfederasiyasının və Azərbaycan Respublikası Ticarət və Sənaye
Palatasının nümayəndələri də iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Hindistanın səfiri B.Vanlalvavna
tədbirin Hindistanın müstəqilliyinin 75-ci ildönümünü münasibətilə
Azadi Ka Amrit Mahotsav təşəbbüsü çərçivəsində keçirilən geniş
tədbirlər silsiləsinin bir hissəsi olduğunu vurğuyıb. O qeyd edib,
Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirməsi üçün
böyük potensial var, belə ki, Azərbaycanda Hindistan məhsulları və
xidmətləri üçün yaxşı imkanlar mövcuddur. Pandemiyaya baxmayaraq,
iki ölkə arasında iqtisadi əlaqələr genişlənməkdə davam edir, səfir
bildirib. O, 2021-ci ildə Hindistan və Azərbaycan arasında ümumi
ticarət dövriyyəsinin ötən il ilə müqayisədə 27% artdığını və bu
sərginin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə
töhvə verəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə çıxış edən Nazir müavini Firdovsi Əliyev ölkələrimiz
arasında mövcud olan yüksək səviyyəli qarşılıqlı etimadın bütün
sahələrdə əməkdaşlığın inkişafı və dərinləşməsi üçün yeni imkanlar
yaratdığını vurğulayıb. O əlavə edib ki, ölkələrimiz arasında böyük
iqtisadi potensial, hüquqi baza, əlverişli investisiya mühiti
mövcuddur. O, bu ticarət tədbirinin və sərgisinin belə imkanların
təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, onun
davamlı olaraq təşkil olunacağına ümid etdiyini bildirib.

Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri cənab
Sanjeev Dhir Hindistanın yun məhsulları üçün Azərbaycanda böyük
potensialın olduğunu bildirib. O vurğulayıb ki, Hindistan
məhsulları həm keyfiyyət, həm də kəmiyyət baxımından qlobal
miqyasda rəqabətədavamlı olduğundan bu bazarda Hindistanın yun və
digər tekstil məhsullarının, eləcə də əl işləri məmulatlarının
payını artırmaq olar.

Sərginin 9 günü ərzində Hindistanın 60-a yaxın şirkəti düyü,
çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək
keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək. Sərgi 2022-ci
ilin martın 26-dan aprelin 3-dək saat 11:00-dan 19:00-dək davam
edəcək. Sərgiyə giriş ödənişsizdir.

Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda
Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb
edir. Sərgidə Hindistan turizmi, mədəniyyəti, eləcə də Hindistanda
investisiya imkanlarına dair təqdimat videoları da nümayiş
etdirilib. Sərginin açılış günündə ziyarətçi sayı gözləniləndən
qat-qat çox idi. Ənənəvi hind rəqsləri, Bollivud mahnıları ifaları
və xına (Mehndi) stendləri böyük marağa səbəb olub.

Teqlər: