Bakı şəhərində hansısa səbəbdən heykəlləri cilalayırlar.
AzerTimes xəbər verir ki, bununla bağlı tanınmış memar Elçin Əliyev Feysbuk hesabında paylaşım edib.
Memar bunun yolverilməz olduğunu vurğulayıb.
Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Oxu.az-a açıqlamasında bunun böyük bir layihənin başlanğıcı olduğunu bildirib.
O qeyd edib ki, sakinlərin narahatlığını başa düşür:
“Əslində bu, böyük bir layihənin başlanğıcıdır. Qara Qarayevin abidəsinin heykəl və plint hissəsi sınmış və təbii təsirlərə məruz qalaraq keyfiyyətini itirmişdi. Ona görə restavrasiya işlərinə başlanılıb. Yenilənmə üçün müəyyən yumşaq cilalanma aparılır. Qeyd edək ki, bu, ilk restavrasiya deyil, bundan öncə M.Ə.Sabirin heykəli ilə bağlı çox peşəkar restavrasiya işləri aparılıb. Bu proseslər özəl şirkət və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Mədəniyyət Nazirliyi tərəfindən işə mütəxəssislər cəlb edilib.
Bu mütəxəssislərin içərisində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanda çox nadir sənət növlərindən olan heykəltaraş-bərpaçı Fərman Qasımov və heykəltaraş Orxan Nəbizadə də var. Onların rəyi əsasında bu bərpa işi aparılır. Sözügedən videogörüntüdəki proses isə yumşaq üsullu cilalamadır”.