Bakıda heroin alveri edən silahlı şəxsə hökm oxundu

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Sabunçu rayonunda heroin və silahla saxlanılan Şahin Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Ş.Mahmudov 11 il azadlıqdan məhrum edilib.


İttihama görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub.

Onun üzərindən ümumilikdə 4 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 1ədəd elektron tərəzi aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Teqlər: