Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Nərimanov rayonunda hərbi sursatın aşkar edilməsi
barədə məlumat daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə
dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan
təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki
insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin
əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun
mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş
sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 30 mm-lik mərmi olduğu
müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.