Xəbər - Elçin Mehdiyev – Trend:
Bakıda həftəsonları qanunsuz işləyən mikroavtobuslar peyda olub. Bunu AzerTimes-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
V.Əsədov həmin mikroavtobusların qanunsuz fəaliyyət göstərdiyini vurğulayaraq insanları diqqətli olmağa çağırıb.
O qeyd edib ki, həmin hallar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində müəyyən edilib. Onun sözlərinə görə, “20 Yanvar” dairəsində polis əməkdaşları bu halların qarşısını almaq üçün zəruri tədbirlər görür:
“Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək onları yığır və ara küçələrlə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. Qanunsuz və gizli işlədikləri üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar və avtomobili təhlükəli sürürlər. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırıram”.