Ölkə ərazisində atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları, Sumqayıt və Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
AzerTimes xəbər verir ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov Report-a açıqlamasında stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarının 1.3, dəm qazının 1.7, kükürd qazının 1.1, Sumqayıt şəhərində isə dəm qazının miqdarının 1.2 dəfə normadan yüksək müəyyən edildiyini bildirib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Dəm və kükürd qazlarının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktorunun səbəb olduğu digər təsirlərlə əlaqədardır”, – o vurğulayıb
C.Muradov qeyd edib ki, ümumiyyətlə, son günlərdə cənub istiqamətli isti hava axınlarının, eləcə də cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ilə əlaqədar ölkə ərazisində temperaturun yüksəlməsi və durğun hava şəraiti müşahidə olunur.
Yağıntıların az olması isə hava keyfiyyət göstəricilərindən istər dispers toz hissəciklərinin, istərsə də çirkləndirici qaz qarışıqlarının miqdarının normadan yüksək olmasına səbəb olur.
Həftəsonuna qədər davam edəcək isti hava şəraitində meteohəssas insanların açıq havada az olması, tez-tez maye qəbul etməsi məsləhət görülür.