Bakıda fırlanma effektli göydələn – Foto

Bakıda fırlanma effektli göydələn – Foto

Müasir görkəmi ilə paytaxta gözəllik verən, yeni memarlıq üslubunda tikilmiş göydələnlər sırasında İqtisadiyyat Nazirliyinin inzibati binası da var.

AzerTimes xəbər verir ki, bina 31 yerüstü, 2 yeraltı mərtəbədən ibarətdir.

Göydələni Türkiyənin “Tekfen Construction” tikinti şirkəti inşa edib. Beynəlxalq layihənin hazırlanmasında Cənubi Koreyadan memarlar, ABŞ-dan mühəndislər, Fransa və Türkiyədən podratçılar iştirak edib.

Bina mərkəzi dəyirmi özəyə montaj edilmiş beş burulmuş kubun üst-üstə yerləşdirilməsi görüntüsü yaradır. Hər kubda isə beş ofis mərtəbəsi var. Kublar arasında sütunsuz yaşıllaşdırılmış açıq hava məkanları yaradılıb. Binanın fasadı tamamilə şüşəylə dizayn edilib. Yeraltı mərtəbələrdə parkinq yerləşir.

772 nəfər əməkdaşın işləməsi üçün nəzərdə tutulan binada müasir multimedia vasitələri ilə təchiz edilmiş, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış 260 nəfərlik konfrans zalı, 14 iclas otağı, 260 nəfərlik yeməkxana mövcuddur.

Hər mərtəbə alt mərtəbəyə nisbətdə yerini 1,2 dərəcə dönür və bu da binanın aşağıdan yuxarıya qədər 40 dərəcə bucaq altında fırlanma effekti yaradır. İqtisadiyyat Nazirliyinin yeni inzibati binası müasir standartlara tam cavab verir və burada yüksək təhlükəsizlik tədbirləri görülüb. Belə ki, göydələn Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlıdır. Layihənin inşası üçün ASCE, ACI və AISC kimi təşkilatların tikinti üzrə beynəlxalq qaydalarından və texniki tələblərindən istifadə olunub.

Tikilinin dizaynı 2020-ci ildə ABŞ-da ENR (Engineering News-Record) “Award of Merit, Government Building” mükafatına layiq görülüb.

Teqlər: