Bakıda FIG Dünya Kuboku ən yüksək səviyyədə təşkil olunub – Qazaxıstanlı gimnast

Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku ən yüksək
səviyyədə təşkil olunub.

Bu barədə AzerTimes-a yarışın iştirakçısı, Qazaxıstandan olan
gimnast Eljana Taniyeva məlumat verib.

“Bakıdakı yarışlar Dünya Kubokunun mərhələləri arasında ən
yaxşılarından biridir. Bakıdakı təşkilatçılıq əladır – hər bir
ölkənin iştirakçıları üçün gözəl arena, məşq vaxtı və yerlər
nəzərdə tutulub. Biz Azərbaycana yarış başlamazdan iki gün əvvəl
gəlmişik və bu vaxt uyğunlaşmaq üçün kifayət etdi”, – o deyib.

Təsnifat mərhələsindəki çıxışını təhlil edən idmançı bir sıra
səhvlərə yol verdiyini qeyd edib.

“Lentlə məşqdə çox səhv etdim və dünən – halqa ilə proqramda
dörd növdən yalnız ikisini sırf keçdim. Kubokda üzərində
işlədiyimiz hər şeyi göstərmək istədim, amma indiyə qədər alınmadı.
Ola bilsin ki, diqqətsizlik buna təsir edib”, – o əlavə edib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.

Teqlər: