Bakıda əməliyyat: 15 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən istixanalarda külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatları daxil olub. Dərhal qeyd edilən ərazi nəzarətə götürülüb.

Baş İdarənin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin bağ sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zülfüqar Heybətov, Əlihüseyn Mahmudov və Nofəl Abdıyev saxlanılıblar. Zülfüqar Heybətova məxsus bağ sahəsinin həyətindəki istixanalara baxış zamanı onun adları çəkilən digər şəxslərlə birlikdə əkdiyi ümumi çəkisi 11 ton 127 kiloqram olan 7380 ədəd çətənə kolu aşkar edilib. Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq həmin bağ sahəsinin yardımçı otaqlarından əlavə 38 kiloqram marixuana, 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 17 ədəd patron aşkar olunub. Bu şəxslər ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.
Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində vətəndaş Hafiz Daşdəmirovun da həyətində istixanalarda çətənə kollarını kultivasiya etdiyi barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı ünvanda keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Hafiz Daşdəmirovun həyətindəki istixanalara baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 4 ton 573 kiloqram çəkidə 4676 ədəd çətənə kolu, 93 kiloqram çətənə bitkilərinin hissələri və 33 kiloqram marixuana aşkar edilib. Bu şəxs də ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Qeyd edək ki, keçirilmiş sonuncu əməliyyatlar zamanı Baş İdarə tərəfindən ümumilikdə 15 ton 700 kiloqram çəkidə 12 min 56 ədəd çətənə kolu, eləcə də, 164 kiloqram marixuana və çətənə bitkisinin hissələri qanunsuz dövriyyədən çıxarılıb.


Aşkar olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: