Bakıda əməliyyat: 13 kiloqram narkotik aşkarlandı, 5 narkotacir saxlanıldı (FOTO)

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Nəsimi
Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər
zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4
nəfər saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqram kokain, heroin,
psixotrop maddə metamfetamin və elektron tərəzilər götürülüb.
Əməliyyatlar zamanı saxlanılan Musa Abdullayevdən külli miqdarda
yüksək təsiredici xassəyə malik kokain, 130 ədəd psixotrop tərkibli
həb, Mahir Abdullayev, Əli Əliyev və Faiq Əliyevdən də müxtəlif
xassəli narkotik vasitələr aşkar olunub.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər
narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər.
Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin
şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan
şəxslər narkotacirlərin yalan vədlərinə aldanaraq narkotik
vasitələrin satışını həyata keçiriblər.

Xətai rayonuda da narkotik vasitələrin satışı ilə məşğul olan
şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat zamanı Əhmədli qəsəbəsində narkotiklərin
satışı ilə məşğul olan Namiq Vəliyev tutulub. Onun üzərindən və
yaşadığı evdən 11 kiloqrama yaxın marixuana aşkar olunub. Namiq
Vəliyev narkotik tərkibli bitkiləri əkdiyini və satmaq məqsədi ilə
qurutduğunu bildirib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət İşi
başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları
narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində
əməliyyatlar davam etdirilir.

Teqlər: