Xəbər - Cani Babayeva – Trend:
Bakıda Dünya Yaş Qrupları Yarışlarının iştirakçıları üçün gözəl şərait yaradılıb.
Bunu Trend-ə ukraynalı gimnast Sofiya Tepluxina deyib.
“Yarışların təşkili çox gözəldir. Könüllülər hər an köməyə hazırdır. Yarışlar müsbət məcrada keçir”, – deyə gimnast bildirib.
O qeyd edib ki, yarışlardan əvvəl Ukrayna komandasının hazırlıq və uyğunlaşmaq üçün kifayət qədər vaxtı olub:
“Biz yarışlara üç gün qalmış gəldik və üç məşq keçirdik. Mənim üçün Dünya Yaş Qrupları Yarışlarında iştirak etmək çox böyük təcrübədir. Bu cür yarışda mən ilk dəfədir ki, iştirak edirəm, ona görə də həyəcan var”.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.
(Tərcümə: Orxan Nəbiyev)