Bakıda Dünya Kubokunun bağlanış mərasimi keçirildi

Bakıda Dünya Kubokunun bağlanış mərasimi keçirildi

Bakıda şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi və kişilər bölməsində turnirin qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

AzerTimes-ın məlumatına görə, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi himni səsləndirilib. Daha sonra Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun yüksək səviyyədə keçirildiyini qeyd edib:

“Böyük qürur hissi ilə bu gün biz Bakıda yüksək səviyyədə təşkil olunmuş şahmat üzrə Dünya Kubokunun bağlanışı edirik. Azərbaycan şahmatçısı Nicat Abasov turnirdə göstərdiyi nəticə ilə hamını sevindirib”.

Fərid Qayıbov şahmat üzrə Dünya Kubokunun bütün iştirakçılarına minnətdarlığını bildirib, turnirin qalib və mükafatçılarını təbrik edib.

Azərbaycanın gənclər və idman naziri həmçinin turnirin Azərbaycanda keçirilməsinə göstərdiyi etimada görə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov bu turniri keçirməkdən qürur və sevinc duyduğunu vurğulayıb:

“Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku iştirakçıların və azarkeşlərin yaddaşında unudulmaz şahmat oyunları ilə qalacaq və nostalji hissləri oyadacaq. Turnir şahmat ictimaiyyətinin diqqət mərkəzində olub, rekord sayda tamaşaçının diqqətini cəlb edib və əsl şahmat bayramına çevrilib”.

Azərbaycan Şahmat Federasiyasının prezidenti turnirin keçirilməsində göstərdiyi etimada görə FİDE prezidentinə, dəstəyə görə isə Azərbaycan Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. O, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Mahir Məmmədov Maqnus Karlseni qələbə münasibətilə təbrik edib, ona gələcək uğurlar arzulayıb.

Azərbaycan şahmatçısı Nicat Abasovun turnirdə iştirakından danışan Mahir Məmmədov qeyd edib ki, o, tarixdə şahmat üzrə Dünya Kubokunun bütün səkkiz turunda iştirak edən ilk şəxs olub.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

“Şahmat üzrə Dünya Kubokunu Bakıda keçirmək imkanına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Turnirin Azərbaycanda keçirilməsi, şübhəsiz ki, ölkədə şahmatın inkişafına öz töhfəsini verəcək və Nicat Abasovun uğurları buna sübutdur. Dünya çempionatının bütün iştirakçıları və tamaşaçıları üçün onunla bağlı xatirələr uzun müddət yaddaşlarda qalacaq, xoş emosiyalar bəxş edəcək”.

Sonra kişilər arasında şahmat üzrə Dünya Kubokunun qalibi və mükafatçıları mükafatlandırılıb.

Turnirin qızıl medalı və kuboku Maqnus Karlsenə (Norveç), gümüş medala Rameşbabu Praqnanandha (Hindistan), bürünc medala Fabiano Karuana (ABŞ) layiq görülüb. Qeyd edək ki, şahmat üzrə Dünya Kubokunda dördüncü yeri Nicat Abasov tutub.

Sonra Norveçin Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısına açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı daxil edilib.

Azərbaycanda ikinci dəfə şahmat üzrə Dünya Kuboku keçirilib. İlk dəfə olaraq, 2024-cü il Namizədlər Turniri və 2024-cü il Namizədlər Turnirinin hər birində Dünya Kubokunun həm açıq, həm də qadın bölmələrinin ən yaxşı üç oyunçusu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanıb.

Kubokun mükafat fondu 2,5 milyon ABŞ dolları müəyyən edilib.

Avqustun 21-də Bakıda keçirilən qadınlar arasında şahmat üzrə Dünya Kuboku başa çatıb, onun qalibi Aleksandra Qoryaçkina (FİDE) olub, Nurgül Səlimova (Bolqarıstan) ikinci, Anna Muzıçuk (Ukrayna) üçüncü yeri tutub.

Avqustun 24-də kişilər arasında şahmat üzrə Dünya Kuboku başa çatıb, onun qalibi Maqnus Karlsen (Norveç) olub, ikinci yeri Rameşbabu Praqnanandha (Hindistan), üçüncü yeri Fabiano Karuana (ABŞ) tutub.

Dünya Kuboku Bakıda Marriott Boulevard keçirilib.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən “Marriott Boulevard” otelində keçirilib.

Teqlər: