Bakıda dünya çempionatı ən yüksək səviyyədə keçirilir – Ukraynalı gimnast

Xəbər - Cani Babayeva – Trend:

Bakıda batutla tullanma və tamblinq üzrə dünya çempionatı ən yüksək səviyyədə keçirilir.

Bunu cümə günü AzerTimes-a çempionatın iştirakçısı, ukraynalı atlet Vitali Voytiv deyib.

“Bu, mənim Bakıya artıq üçüncü səfərimdir. Ənənəvi olaraq yarışlar əla təşkil olunub. Hər şeyi bəyənirəm, bu genişmiqyaslı idman tədbirinin iştirakçısı olduğum üçün şadam. Çempionatdakı çıxışıma gəlincə isə, ondan razı qaldım, proqramı planlaşdırdığım kimi başa çatdıra bildim”, – deyə idmançı vurğulayıb. O, həmçinin yarışa hazırlaşmaq üçün kifayət qədər vaxtı olduğunu qeyd edib.

Voytivin sözlərinə görə, Bakı şəhəri onda böyük təəssürat yaratdı, və o ümid edir ki, buraya qayıtmaq üçün ona imkan yaradılacaq.

“Bizim üçün ekskursiya təşkil olundu, şəhərin görməli yerləri ilə tanış olduq. Etiraf edirəm, mən yenidən Bakıya gəlmək istərdim”, – deyə Vitali Voytiv əlavə edib.


Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Azərbaycanı dünya çempionatında Mixail Malkin (tamblinq) təmsil edir. Bakıda keçiriləcək dünya çempionatında idmançılar 15 dəst medal uğrunda mübarizə aparır.

Teqlər: