Bakıda DİN-in sensasion əməliyyatı: səsi Ukraynadan gəlir

Bakıda DİN-in sensasion əməliyyatı: səsi Ukraynadan gəlir

Bakıda Daxili İşlər Nazirliyinin keçirdiyi mükəmməl əməliyyatla bağlı Ukrayna mediasında sensasiya sayıla biləcək məlumat yayılıb.

AzerTimes xəbər verir ki, məlumatı FromUA tirajlayıb.

Bildirilir ki, Azərbaycan DİN-in əməkdaşları Nərimanov rayonu ərazisində həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində cinayətkar dəstənin üzvləri – Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyevi saxlayıblar. Onlar pul almaq üçün oğurladıqları iş adamı Sahib İsmayılzadəni saxladıqları evdə yaxalanıblar. Saxlanılan şəxslər barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və onlar istintaq təcridxanasına yerləşdiriliblər.

Ukrayna mediasının iddiasına görə, saxlanılan şəxslər Oleq Bakinski kimi tanınan keçmiş idmançı, milyonçu Oleq Krapivinin dəstəsidir:

“Cəbrayılov (şəkildə sağda – red.), Ağazadə və Əliyevin Oleq Krapivinlə əlaqəsini sübut etmək kifayət qədər asandır. Axı onlar Krapivinin rəhbərlik etdiyi Kiyev Azərbaycanlıları Konqresinin üzvləridir. Onlar ictimai fəal adı altında mütəmadi olaraq diaspor tədbirlərinə qatılırdılar. Üstəlik, bu cinayətkarları Krapivinin Kiyevdəki Azərbaycanlılar Konqresinin baş katibi vəzifəsinə təyin etdiyi şəxs (şəkildə ortada – red.) dəvət edirmiş. Məqsədi isə onlara ictimai fəal statusunu vermək olub. Dəstə üzvlərinin əksəriyyəti Ukraynada axtarışa verilib və onların ölkəyə girişi qadağan edilib. Yəqin buna görədir ki, üçlük Azərbaycana öz liderinin yanına gedib və Ukraynadakı əvvəlki cinayətləri Bakıda davam etməyə çalışıblar. Ancaq güman etmək olar ki, Azərbaycan DİN Krapivinin dəstəsi ilə ciddi məşğul olacaq, çünki dəstənin onlarla cinayəti qeydə alınıb”.

Qeyd edək ki, Ukrayna mətbuatı Oleq Bakinski ilə bağlı bundan öncə də neqativ məlumatlar yayıb. 90-cı illərdə Ukraynaya gedən Oleq Krapivinin Rusiya FTX-sinə bağlı olduğu, bu ölkədə reketlik, adam oğurluğu və s. cinayətlərdə iştirak etdiyi, cinayətkar dəstə yaratdığı və s. iddiaları səsləndirilib.

İddialara görə, Oleq Bakinski 2022-ci ildə pul tələb edilən, ancaq vermədiyi üçün Kiyevin mərkəzində “Leksus” markalı maşınında gedərkən atəşə tutulan bir sahibkarla bağlı olaya görə Ukraynadan gedib. Bunun ardınca isə ona Ukraynaya giriş qadağası qoyulub.

Oleq Bakinski qadağanın götürülməsi tələbi ilə 2022-ci ilin sonunda Kiyev məhkəməsinə müraciət edib və məhkəmə 2023-cü ilin yanvarında keçirilməli idi. Lakin 31 yanvar 2023-cü ildə işə baxılmayıb, yalnız hakimin dəyişdiyi açıqlanıb və iş təxirə salınıb. Əvəzində isə hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvarda keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi açılıb. Onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün (hərbi xidmətdən yayınma) axtarışa verildiyi elan edilib.

Oleq Bakinskinin Ukraynada sərvəti 84 milyon dollar olaraq göstərilir, onun daşınmaz əmlakları, ticarət mərkəzi və s. var.

Maraqlıdır: O.Krapivinə Ukraynaya getməyə imkan verilmir, oğluna Ukraynanı qanunsuz tərk etdiyi üçün cinayət işi açılır, üstəlik, Bakıda hansısa cinayətdə onun əli olduğu iddia edilir.

Ukrayna mediasının Nərimanov rayonunda cinayətkar dəstənin yaxalanması barədə məlumatına isə Azərbaycan mediasında rast gəlinmir, DİN belə bir əməliyyatla bağlı rəsmi açıqlama yaymayıb. Qəribədir, Azərbaycan DİN-in rəsmi olaraq yaymadığı məlumatı Ukrayna mediası haradan əldə edir?

Bir daha xatırladaq ki, Oleq Bakinski şamaxılıdır, sərbəst güləş üzrə ondördqat Avropa çempionu, məşhur iş adamıdır. Bu vaxta qədər öz nüfuzundan yalnız azərbaycanlıların hüquqlarının qorunması üçün istifadə etdiyini bildirib, Ukraynadakı diasporumuzun işində fəallıq göstərib. Oleq Krapivinin (Bakinski) oğluna Sultanbəy adı verməsi də onun doğulduğu-yaşadığı ölkəyə sevgisi sayıla bilər.

Bu mənada Oleq Bakinskinin Ukrayna hüquq-mühafizə orqanları və mediasının hədəfinə çevrilməsinin əsl səbəbi düşündürücüdür.

Teqlər: