Təəssüf ki, bəzi şəxslər sosial şəbəkələrdə müəyyən şərhlər yayaraq, Türkiyədə baş vermiş zəlzələnin Azərbaycanda da olacağı haqda “proqnoz verirlər”.
AzerTimes xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev deyib.
“Onlar Xəzər dənizində neft və qaz hasilatı ilə əlaqədar qazılmış quyuların belə bir təhlükəyə səbəb ola biləcəyini iddia edirlər. Yalnız bisavad adamlar bu məlumatları yaza və yaya bilər. Neft və qaz istehsalının zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Boşluq əmələ gələrsə, bu, müəyyən kiçik təkanlar yarada bilər, amma insan fəaliyyəti böyük zəlzələlərə səbəb ola bilməz”, – ekspert bildirib.
Ekspert sosial şəbəkələrdə yayılan saxta xəbərlərə və məlumatlara da öz münasibətini bildirib:
“Bir daha təəssüflə qeyd edirəm ki, özünü ekspert və siyasətçi adlandıran bir qrup şəxs sosial şəbəkələrdə belə şayiələr yaymaqdan çəkinmir. Bundan başqa sosial şəbəkələrdə bəzi konspiraloji nəzəriyyələr irəli sürülür ki, guya bu zəlzələlər hansısa ölkələr tərəfindən təşkil olunub, tektonik silahlardan istifadə edilib və s. Bu kimi şayiələr ilk dəfə deyil ki, ortaya çıxır. Hər böyük zəlzələdən sonra insanlar arasında belə iddialar yayılır və hər dəfə də təkzib olunur. Müqayisə üçün qeyd edim ki, Türkiyədəki zəlzələdən daha zəif zəlzələnin baş verməsi üçün Xirosimada partladılmış bombanın 50 qat gücündə bomba partladılmalıdır. Bunu isə kimsə 15 km dərinliyə qazıb yerləşdirməlidir. İndiki vəziyyətlə bağlı bu, Türkiyə ərazilərində edilməldir. Göründüyü kimi, bu, mümkün deyil. Dünyada ən dərin quyu vaxtilə Sovet İttifaqı tərəfindən Kola yarmadasında 11 km dərinliyində qazılıb və sonradan bu layihə bağlanıb. Heç bir ölkənin texnologiyasında zəlzələləri süni şəkildə yarada biləcək tektonik silah mövcud deyil. Ona görə də hər kəsi neft-qaz quyusu və ya tektonik silahlarla bağlı uydurmalara inanmamağa çağırıram”.