11–13 iyun 2024-cü il tarixlərində Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, tədbir Azərbaycan Hava Yolları QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən təşkil olunacaq.
Ekoloji davamlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarların verilməsi, bilik mübadiləsi və məhsuldar dialoqların aparılması məqsədilə hava hərəkətinə nəzarət sənayesinin dünya liderlərinin diqqətini cəlb etmək üçün nəzərdə tutulub. Tədbirdə 100-dən çox ölkədən 350-yə yaxın mülki aviasiya rəhbərlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, 2005-ci ildən CANSO-nun üzvü olan AZANS MDB və regionun bir çox digər ölkələrindən ilk aeronaviqasiya xidmətləri təminatçısıdır ki, CANSO tərəfindən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və 28-ci İllik Ümumi İclasa ev sahibliyi etmək üçün seçilib.
“Bu ilin sonlarında dünya liderləri COP29 üçün Bakıda bir araya gələcəklər və beynəlxalq ictimaiyyətin diqqəti bu şəhərə yönələcək. İqlim dəyişikliyi bəşəriyyətin ən aktual problemlərindən biridir və aviasiya karbon emissiyalarının azaldılmasında əsas rol oynayır. Emissiyanın xalis sıfır (“net zero”) səviyyəsinə çatdırılması planlanan 2050-ci ilin çox da uzaq olmadığını nəzərə alaraq aviasiyada bu hədəfə böyük diqqət ayırmaq lazımdır. Məhz bu səbəbdən də bu, AZANS-ın təşkil etdiyi CANSO Ümumdünya Aeronaviqasiya Sammitinin və 28-ci İllik Ümumi İclasının əsas mövzusu olacaq”, — deyə CANSO-nun baş direktoru Saymon Hokkard qeyd edib.
Sammitdə aviasiya sənayesinin liderləri xalis sıfır emissiyalara nail olmaq üsullarına və ekoloji cəhətdən daha təmiz səmanın yaradılmasında texnologiyaların rolunu müzakirə edəcəklər.
“Biz fəxr edirik ki, şəhərimiz yaşıl hava məkanının gələcəyi və xalis sıfır aviasiya hədəflərinə töhfə verən rəqəmsal texnologiyalar ilə bağlı mühüm müzakirələr platformasına çevriləcək. Dayanıqlı aviasiyanın gələcəyinə dair məsuliyyətimizi dərk edərək biz beynəlxalq əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verməyə çalışırıq”, — deyə AZANS-ın direktoru Fərxan Quliyev bildirib.
AZANS haqqında
Azərbaycan Hava Yolları QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir.
Hazırda AZANS Azərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzit uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xarici aviaşirkətlər üçün daha da cəlbedici edir.
CANSO haqqında
CANSO — Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı — hava məkanının idarə edilməsində qlobal səsdir və onun gələcəyini formalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90 faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, hava məkanı istifadəçiləri və operatorları, aviasiya texnikası istehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünya miqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçün sənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsi məqsədilə bir araya gətirir.