Bakıda daha bir yerüstü piyada keçidi inşa ediləcək

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidinin inşası planlaşdırılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problemlər yaşanan ərazidə, Mərdəkan prospekti ilə Qala-Pirallahı avtomobil yolunun kəsişməsində inşa edilməsi nəzərdə tutulur.

Hazırda yeni piyada keçidinin layihəsi aidiyyəti dövlət strukturlarında razılaşdırma mərhələsindədir.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilməsi planlaşdırılan yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.


Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 91.5 metr, qalereyanın uzunluğu 62.9 metr, daxili eni 4.5 metr, keçidaltı qabariti isə 5.35 metrdir.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun xüsusi maillikli piyada pandusları quraşdırılacaq. Pandusların hər birinin uzunluğu 42 metr təşkil edəcək.

Teqlər: